“Dövlət başçısı sentyabrın 15-də Xocalı rayonunun “Dövlət Suverenliyinin tam bərpası əməliyyatı” zamanı işğaldan azad edilmiş Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində olub. Bu kəndlərdə ümumilikdə 55 ev bərpa olunub və 53 ailə olmaqla, 217 nəfər buraya köçərək məskunlaşıb”.
Xəbər24.Online iqtisadiyyat.az a istinadən xəbər verir ki, Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, bu kəndlərdə elektrik xətləri, su anbarı, subartezian quyusu bərpa olunub, kənddaxili yollar asfaltlanıb, transformator quraşdırılıb, sayğaclaşdırma işləri aparılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib: “Kəndlərdə bayraq meydanları salınıb. Daşbulaqda 195 ev var və bu ilin sonunadək 58, gələn il isə 83 ev istismara hazır olacaq. Şuşakənddə ümumilikdə 263 fərdi ev var və bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Seyidbəyli kəndində 140 ev var və bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. Badara kəndində ümumilikdə, 313 fərdi ev var, cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır”.
.jpg)
Deputat bildirib ki, bundan başqa, dövlət başçımızın tapşırıqlarına əsasən, Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə tut bağı salınıb: “Burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək. Bununla da Xocalı rayonunun 8 kəndində – Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənddə yaşayış təmin edilib. Ümumilikdə isə Xocalıda 1 şəhər, 1 qəsəbə və 49 kənd var. Bundan öncə cari ilin may ayında Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailənin, Xocalının Ballıca kəndinə isə 180 ailənin, yəni, 840 nəfərin daimi məskunlaşması təmin olunmuşdu”.
“Prezident İlham Əliyev sakinlərlə görüş zamanı 2023-cü ilin antiterror əməliyyatlarına da toxunub, “separatçıların kitabı bağlandı” deyə bildirib. Belə ki, 2023-cü ilin Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı”, – deputat əlavə edib.
