Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə “Arzuların Şəhəri” adlı yaddaqalan tədbir keçirilib. Yerli və xarici qonaqların böyük marağına səbəb olan tədbirdə sülh, uşaqların gələcəyi və şəhərlərin mənəvi ruhu ilə bağlı mühüm mesajlar səsləndirilib.

Tədbirdə çıxış edən gənc yazar və spiker Sevindik Nəsiboğlu duyğusal nitqi ilə iştirakçıların diqqətini cəlb edib. Onun “Gəlin unutmayaq ki, bir uşağın gülümsəmədiyi yer dünyanın ən gözəl şəhəri olsa belə, xarabalığa bənzəyir” və “Uşaqlara dağılmış divarlar yox, xəyallarını yaşada biləcəkləri təhlükəsiz bir dünya bəxş etməliyik” fikirləri qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Sevindik Nəsiboğlu çıxışında bildirib ki, uşaqların arzuladığı şəhər göydələnlər və müasir texnologiyalarla deyil, sevgi, təhlükəsizlik və ümidlə qurulmalıdır. O, müharibələrin uşaqların həyatında açdığı ağır yaralardan danışaraq Qarabağ müharibəsinin Azərbaycan xalqının yaddaşında buraxdığı izlərə də toxunub.

“Bir uşağın gülümsəmədiyi yer dünyanın ən gözəl şəhəri olsa belə, xarabalığa bənzəyir” deyən gənc spiker bütün dünyanı uşaqlara təhlükəsiz gələcək bəxş etməyə çağırıb.

Çıxışının sonunda Sevindik Nəsiboğlu mövzuya həsr etdiyi şeirini səsləndirib. Şeirdə sülh, bərabərlik və uşaqların xoşbəxt gələcəyi arzulanıb.

Tədbir iştirakçıları çıxışı yüksək qiymətləndirərək, bu cür humanist çağırışların dünya üçün vacib mesaj olduğunu vurğulayıblar.

WUF13 Azərbaycan və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xeber24.online

By admin