İyunun 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində həyata keçirilən abadlıq və yenidənqurma işlərinin gedişi ilə yerində tanış olub.
İcra başçısı Əsgər Əliyev adına Dostluq Parkında və Qala Xiyabanı ərazisində aparılan genişmiqyaslı bərpa-yenidənqurma işlərinə baxış keçirib, iş icraçıları ilə görüşərək görülən işlərin keyfiyyəti və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Hazırda dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhərin müxtəlif ərazilərində abadlıq-quruculuq tədbirləri davam etdirilir. Yenidənqurma işləri Əfqanıstan Veteranları Parkında, Həzi Aslanov parkında, Xocalı parkında, Əsgər Əliyev adına Dostluq Parkında, həmçinin Heydər Əliyev prospektində, Paşa Təhməzov, Həzi Aslanov, M.M.Axund, Qala Xiyabanı və Şirəli Axundov küçələrində aparılır.
Layihələr çərçivəsində küçə və səkilər əsaslı şəkildə yenilənir, piyadaların rahat hərəkəti üçün yeni tametlər döşənir, park və istirahət məkanları müasir tələblərə uyğun yenidən qurulur. Bununla yanaşı, çoxmənzilli yaşayış binalarının fasadları və dam örtükləri də yenilənir.
Şəhərdə həyata keçirilən geniş abadlıq və yenidənqurma işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Yerli əhali Lənkərana göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

