Sözün və ömrün ucalığında: Professor Yədulla Ağazadə

 

Bəzi ömürlər var ki, sadəcə təqvim vərəqlərinin ardıcıllığı deyil o,ömürlər bir regionun, bir xalqın mədəniyyət salnaməsinə çevrilir. Bu gün ömrünün müdriklik zirvəsində, ustadlıq məqamında dayanan, Lənkəranın zəngin mənəvi iqlimini öz elmi irsi ilə bəzəyən görkəmli elm fədaisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əməkdar müəllim”, professor Yədulla Bədir oğlu Ağazadənin doğum günüdür. İyulun bu ilk günündə biz təkcə bir alimi deyil, bütöv bir ziyalılıq məktəbini, ömrünü sətirlərə, kitablara, tələbələrinin qəlbinə köçürən bir ustadı salamlayıram.

Yədulla müəllimin həyat yolu sanki böyük bir dastan kimidir. 1950-ci il iyulun 1-də Lənkəranda başlayan bu ömür heç də hamar yollarla irəliləməyib. O, gəncliyində zəhmətin ən ağrısını dadıb. Konserv zavodunda, Bakının tikinti meydanlarında, boru prokatı müəssisələrində fəhlə işləyən o,gəncin qəlbində hər zaman bir kitab işığı, bir söz sevdası yanıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra onun üçün əsl həyat missiyası ustadlıq dövrü başlayıb.

Onun pedaqoji fəaliyyətə Lənkəranın ən ucqar, dumanlı Gəgiran kəndində bir Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlaması bəlkə də bir rəmz idi. Çünki ziyalılıq elə uzaq kəndlərin qaranlıq hücrələrinə işıq aparmaq, çətinliklərə sinə gərmək sənətidir. Elə bu fədakarlığına görədir ki, onun ilk kitablarından biri məhz “Qəhrəmanlığa bərabər ziyalılıq”adlanırdı. O, müəllimlikdən məktəb direktorluğuna, oradan isə Lənkəran Dövlət Universitetinin professoru dərəcəsinə qədər ucalarkən hər pillədə yalnız öz zəhmətinə, elmi zəkasına və xalqına olan sevgisinə sığındı.

Yədulla Ağazadənin elmi yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığının monumental sütunlarından biridir. O, cənub bölgəsinin unudulmaqda olan tarixini, folklorunu və böyük maarifpərvər Teymur bəy Bayraməlibəyovun irsini tozlu arxivlərdən çıxararaq sabaha daşıdı. Onun “Teymur bəy Bayraməlibəyov və folklor” araşdırmaları, Lənkəran bölgəsinin folklor örnəklərini böyük bir sevgiylə toplaması xalqın yaddaşına qoyulan ən böyük abidədir.

Digər tərəfdən, Yədulla müəllim ədəbiyyatımızın ən çətin və kəsərli sahəsinə satiraya baş vurdu. Azərbaycan poeziyasında satiranın təşəkkülü, Sabir ənənələri onun doktorluq dissertasiyasının və dəyərli monoqrafiyalarının ana xəttini təşkil etdi. O, sözün arxasındakı fəlsəfəni, cəmiyyətin ağrılarını və gülüşün altındakı göz yaşlarını elmi dəqiqliklə analiz etdi. 100-dən artıq elmi məqalə, beynəlxalq konfranslarda ucalan səs, fərqli ölkələrdə dərc olunan əsərlər,bir daha sübut etdi ki,budur bir ömrün elmi hesabatı!

Yədulla Ağazadə təkcə quru elmi faktların ardınca qaçan bir tədqiqatçı deyil. Onun yaradıcılığında lirik bir səmimiyyət, publisist alov və poetik bir ruh var. Təsadüfi deyil ki, o, 2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun qələmindən çıxan hər bir yazı, hər bir kitab istər “Talış dili”dərsliyi olsun, istərsə də “Ümmana qovuşduran illər” böyük bir dil sevgisinin təzahürüdür.

Dövlətimiz onun təhsilimizin inkişafındakı misilsiz xidmətlərini, Lənkəran Dövlət Universitetinin qurulduğu gündən bəri burada çəkdiyi zəhməti yüksək qiymətləndirərək 2022-ci ildə onu “Əməkdar müəllim” fəxri adına layiq gördü. Bu ad, onun ömrünü şam kimi əridib minlərlə tələbənin yolunu işıqlandıran bir ustadın haqq etdiyi ən uca tac idi.

Bu gün professor Yədulla Ağazadə təkcə bir kafedranın professoru deyil, Lənkəranın mənəvi ağsaqqalı, elminin və mədəniyyətinin canlı tarixidir. Onun keçdiyi ömür yolu hər bir gənc üçün örnək, hər bir ziyalı üçün fəxarət mənbəyidir.

Elmi fəaliyyəti ilə yanaşı, Yadulla müəllim həm də Zibaxanım kimi vəfalı həyat yoldaşına sahibdir. Zibaxanımın onun tələbəsi olması və ali təhsilini Lənkəran Dövlət Universitetində, elə övladları ilə bir ildə başa vurması isə ailənin gözəl təsadüfüdür. Övladları Zaur Yadulla oğlu Ağazadə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin direktoru, digər oğlu Fuad Yadulla oğlu Ağazadə isə Türkiyə Respublikasında yaşayır, “Florense Healthcare ” xəstəxanalar şəbəkəsinin beynəlxalq şöbəsinin müdiridir.Qeyd edim ki,Yadulla müəllimin hər iki oğlu məhz Lənkəran Dövlət Universitetinin məzunlarıdır. Bu gözəl və nümunəvi ailənin sevincini isə bu gün onların dünyasını bəzəyən 4 nəvəsi tamamlayır.

Ustadı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ümman qədər dərin, çaylar qədər coşqun bir ömür, elmi yaradıcılığında yeni zirvələr və möhkəm cansağlığı arzulayıram. Yaxşı ki varsınız, sözün və elmin böyük hamisi! Doğum gününüz mübarək!

 

 

 

 

 

Lənkəran Dövlət Universitetinin

Tarix üzrə fəlsəfə doktoru,dosent

Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru

Leyla Qadir qızı Məcidova

By admin