“Lənkəran Ziyalıların Tanıyaq”
Zəngin həyat yolu, dövlətə sədaqətli xidmət – Professor İbrahim Quliyev
Cəmiyyətin inkişafında izi qalan insanlar yalnız tutduqları yüksək vəzifələrlə deyil, dövlətə sədaqətli xidmətləri, elmə verdikləri töhfələr və yetişdirdikləri kadrlarla yadda qalırlar. Hüquq elmləri doktoru, professor, ehtiyatda olan polis polkovniki İbrahim Oruc oğlu Quliyev də ömrünü Vətənə, dövlətçiliyə və hüquq elminin inkişafına həsr etmiş ziyalılardandır.
İbrahim Quliyev 21 dekabr 1951-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ailələrinin Liman şəhərinə köçməsi ilə əlaqədar təhsilini Liman şəhər 1 nömrəli orta məktəbdə davam etdirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Rusiya Federasiyasının Daxili İşlər Orqanlarında xidmətə başlamış, Kirov şəhərində məsul rəhbər vəzifələrdə çalışmışdır.
Sonralar Azərbaycanın sabiq daxili işlər naziri, general-leytenant Arif Heydərovun dəvəti ilə Vətənə qayıdaraq Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında fəaliyyətini davam etdirmişdir. O, SSRİ Daxili İşlər Nazirliyinin Kaunas şəhərindəki milis məktəbini, daha sonra ali məktəbini bitirmiş, yüksək göstəricilərinə görə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının rəhbər kadrlar hazırlayan birinci fakültəsinə göndərilmişdir. Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra həmin ali təhsil ocağının məqsədli adyunkturasında saxlanılmış, hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. Daha sonra Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasında doktorantura təhsili alaraq hüquq elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
İbrahim Quliyev uzun illər Gəncə, Quba, Yevlax, Yardımlı və Astara şəhər və rayonlarının daxili işlər şöbələrinin rəisi vəzifələrində çalışmış, peşəkar hüquq-mühafizə orqanı rəhbəri kimi tanınmışdır. Qarabağ müharibəsi iştirakçısı olan ehtiyatda polis polkovniki ikinci ali təhsilini də alaraq Gəncə Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişdir.
1993-cü ildə ölkədə baş verən mürəkkəb ictimai-siyasi hadisələr zamanı dövlətçiliyin qorunması uğrunda fəal mübarizə aparmış, Lənkəran hadisələri zamanı qanunsuz silahlı separatçı dəstələr tərəfindən girov götürülərək yeddi gün həbsdə saxlanılmışdır. Lakin o, bütün təzyiqlərə baxmayaraq dövlətə və xalqına sədaqətindən dönməmiş, prinsipial mövqeyini qoruyaraq Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyət nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 avqust 1993-cü il tarixli Fərmanı ilə Astara Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İbrahim Quliyev bu vəzifədə 2001-ci ilin aprel ayına qədər çalışmış, öz arzusu ilə istefa vermişdir. O, həmçinin dörd dəfə rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.
İdarəçilik fəaliyyəti ilə yanaşı, professor İbrahim Quliyev pedaqoji sahədə də məhsuldar fəaliyyət göstərmişdir. 1996–2005-ci illərdə Lənkəran Dövlət Universitetində dosent kimi çalışmış, Astara şəhər Ziya Bünyadov adına 2 nömrəli tam orta məktəbdə Konstitusiya hüququ fənnini tədris etmişdir.
2003-cü ildə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin dəvəti ilə akademiyada fəaliyyətə başlayan professor İbrahim Quliyev 2023-cü ilədək “Hüquqşünaslıq” kafedrasına və akademiyanın nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasına rəhbərlik etmişdir.
Elmi fəaliyyəti də olduqca zəngindir. Professor İbrahim Quliyev 300-ə yaxın elmi əsərin, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi məqalələrin və metodik vəsaitlərin müəllifidir. O, çoxsaylı elmi nəşrlərin redaktoru və rəyçisi olmuş, 56 hüquq üzrə fəlsəfə doktorunun elmi rəhbəri, 5 hüquq elmləri doktorunun elmi məsləhətçisi kimi Azərbaycan hüquq elminə dəyərli töhfələr vermişdir.
Nümunəvi xidməti və elmi-pedaqoji fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, keçmiş SSRİ Daxili İşlər Nazirliyinin “Əməkdar işçisi” fəxri adına, “Milis əlaçısı” döş nişanına, çoxsaylı orden, medal və fəxri fərmanlara layiq görülmüş, “Hacı Zeynalabdin”, “İnam”, “Vətən” mükafatları ilə təltif edilmiş, respublikada “İlin ən yaxşı ziyalısı” adına layiq görülmüşdür. Rusiya Federasiyasında fəaliyyət göstərdiyi dövrdə onun peşəkar xidmətindən bəhs edən “Peşəyə sevgi” adlı sənədli povest də qələmə alınmışdır.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə professor İbrahim Quliyevə ölkənin elm və təhsil sahəsindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü olan professor İbrahim Quliyev zəngin dövlətçilik təcrübəsi, elmi irsi və vətənpərvər mövqeyi ilə cəmiyyətə xidmətini davam etdirən nüfuzlu ziyalılardan biridir. Onun şərəfli ömür yolu dövlətə sədaqətin, elmə bağlılığın və xalqa xidmətin parlaq nümunəsi kimi qiymətləndirilir.

Allahverən Pərvizoğlu ✍️
İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə 🎙️ 🎧
