Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin İşığında” adlı tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aygün Əkbərova Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, onun zəngin siyasi irsindən və Azərbaycanın inkişafında oynadığı tarixi roldan ətraflı bəhs edib.
Daha sonra çıxış edən Lənkəran MKS-in Uşaq şöbəsinin müdir əvəzi Kəmalə Məmmədova kitabxanalarda Ümummilli Lider Heydər Əliyevin irsinin daim təbliğ olunduğunu, bu istiqamətdə mütəmadi olaraq kitab sərgilərinin, tədbirlərin, görüşlərin və maarifləndirici layihələrin təşkil edildiyini bildirib. O, Heydər Əliyevin zəngin irsinin gənc nəslə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, qabaqcıl təhsil işçisi, “Qızıl Qələm Media” mükafatı laureatı Südabə Babayeva və gənc yazar Aynur İsmayıl Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində gördüyü əvəzsiz xidmətlərdən danışıblar.
Tədbirin sonunda iştirakçılar Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində yerləşən Heydər Əliyevin xatirə muzeyini ziyarət edərək Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla yaxından tanış olublar.

