Lənkəran Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidovanın ilk şeir kitabı – “Dünya niyə sevilməsin?” işıq üzü görüb.
Müəllif üçün bu nəşr yalnız yaradıcılıq uğuru deyil, həm də illərin zəhmətinin, mənəvi bağlılığın və unudulmaz xatirələrin təcəssümüdür. Leyla Məcidova bildirib ki, kitabın ərsəyə gəlməsi onun ömür yolunun, duyğularının və qəlbindən süzülən misraların oxucularla görüşüdür.
Müəllif qeyd edir ki, bu kitabın nəşrini ən çox arzulayan insanlardan biri onun ustadı, mərhum professor Məsud Məmmədov olub. Professor şeirlərin kitab halında çap edilməsini daim dəstəkləyib, müəllifə dəyərli məsləhət və mənəvi dayaq göstərib. Təəssüf ki, o, kitabın nəşrini görmək qismətinə çatmayıb. Bununla belə, Leyla Məcidova ən böyük təsəllisinin şeirlərini vaxtında ustadına təqdim etməsi və kitabın ön sözünün məhz Məsud Məmmədov tərəfindən yazılması olduğunu vurğulayır.
Müəllif əmindir ki, ustadının əziz xatirəsi və mənəvi dəstəyi bu gün də onunla birlikdədir. O bildirir ki, “Dünya niyə sevilməsin?” kitabının əsas qayəsi insanlara sevgini, vətənə məhəbbəti, mənəvi dəyərləri və həyatın gözəlliklərini poeziya vasitəsilə çatdırmaqdır.
Kitabda yer alan şeirlər müəllifin daxili aləmini, həyat müşahidələrini və duyğularını özündə əks etdirir. Oxucuların bu poetik toplunu maraqla qarşılayacağına və hər kəsin bu misralarda öz qəlbinə yaxın bir duyğu tapacağına ümid edilir.
Kitabın sonunda müəllif ustadı Məsud Məmmədovun əziz xatirəsinə ithaf etdiyi misraları təqdim edir:
İslanıb hər sətir göz yaşımızla,
Ustadın duası, sözü var burda.
Biz elmdə ucaldıq daxılımızla,
Məsud müəllimin izi var burda.

