Lənkəranda Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü ilə şəhid və qazi övladlarının asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ənənəvi “Yay düşərgəsi” təşkil olunub.
Düşərgənin ilk günü Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində keçirilən təqdimat mərasimi ilə başlayıb. Tədbirdə iştirakçılara düşərgənin proqramı, həyata keçiriləcək tədbirlər və nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra uşaqlar üçün mərkəzdə infotur təşkil olunaraq tədris otaqları, laboratoriyalar və emalatxanalarla yaxından tanışlıq imkanı yaradılıb.
Proqram çərçivəsində Peşə Təhsil Mərkəzinin müəllimləri tərəfindən “Aşpaz” ixtisası üzrə master-klass keçirilib. İştirakçılar peşənin əsas xüsusiyyətləri ilə tanış olub, praktik məşğələlərdə iştirak edərək yeni bilik və bacarıqlar əldə ediblər.
Daha sonra düşərgə öz fəaliyyətini Palıdlı Sahil Kurort İstirahət Mərkəzində davam etdirib. Burada şəhid və qazi övladları üçün müxtəlif idman və intellektual oyunlar, əyləncəli yarışlar, musiqili proqramlar və asudə vaxtın səmərəli təşkilinə xidmət edən müxtəlif fəaliyyətlər həyata keçirilib.
Qeyd edək ki, ənənəvi olaraq təşkil olunan “Yay düşərgəsi” 5 gün davam edəcək. Düşərgə müddətində iştirakçılar üçün maarifləndirici görüşlər, ustad dərsləri, idman və intellektual yarışlar, ekskursiyalar, əyləncəli proqramlar, komanda oyunları və müxtəlif sosial-mədəni fəaliyyətlər təşkil olunacaq.
Düşərgə şəhid və qazi övladlarının sosial fəallığının artırılmasına, onların şəxsi inkişafına, asudə vaxtlarının faydalı və mənalı təşkilinə xidmət etməklə yanaşı, uşaqlar arasında dostluq, həmrəylik və komanda ruhunun formalaşmasına da mühüm töhfə verir.

